
Sumqayıt şəhərini Bakı ilə əlaqələndirən 500 və 503 nömrəli avtobus marşrutları “brutto müqavilə” sisteminə qoşulub.
Sumqayit.tv xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, Nazirlər Kabinetinin 31 iyul 2026-cı il tarixli qərarı ilə təsdiqlənən yeni qaydaların tətbiqinə başlanılıb. İlk mərhələdə 130, 205, 211, 500 və 503 nömrəli marşrutlar “brutto müqavilə” modelinə daxil edilib.
Yeni sistemə əsasən, daşıyıcılara sərnişin sayına görə deyil, qət edilən məsafə və göstərilən xidmətin keyfiyyətinə əsasən ödəniş ediləcək.
Marşrutlarda avtobusların sayı, hərəkət intervalı və qət ediləcək məsafə əvvəlcədən müəyyənləşdiriləcək. Bu isə sərnişin sayının az olduğu saatlarda, o cümlədən axşam vaxtlarında avtobusların qrafik üzrə fəaliyyət göstərməsinə imkan verəcək.
Yeni modelin tətbiqi ilə şəhərətrafı və azrentabelli marşrutlarda da xidmət səviyyəsinin yüksəldilməsi, daşıyıcıların yalnız gəlirli marşrutlara üstünlük verməsinin qarşısının alınması nəzərdə tutulur.
AYNA-nın məlumatına görə, digər marşrutların da mərhələli şəkildə “brutto müqavilə” sisteminə qoşulması planlaşdırılır.
Yeni sistem həmçinin daşıyıcıların fəaliyyətinə nəzarətin gücləndirilməsinə, avtobus parkının yenilənməsinə və xidmət keyfiyyətinin artırılmasına şərait yaradacaq.
2-09-2026, 18:38
3