
Sumqayıt şəhərinin 9-cu mikrorayonunda yerləşən 70 saylı binanın sakinləri həyətlərində tikilən obyektlə bağlı narazılıqlarını bildirirlər.
Sumqayit.tv-yə daxil olan müraciətdə sakinlər iddia edirlər ki, binanın arxa hissəsində, uzun illər sakinlərin istifadə etdiyi həyətyanı ərazidə təxminən 4-5 ay əvvəl tikinti işlərinə başlanılıb.
Onların sözlərinə görə, tikinti zamanı etirazlar olub, məsələ televiziya kanallarından biri tərəfindən də işıqlandırılıb və işlər qısa müddətlik dayandırılıb. Lakin daha sonra tikinti yenidən davam etdirilərək obyekt inşa edilib.
Sakinlərin bildirdiyinə görə, hazırda obyekt fəaliyyət göstərmir. Bununla yanaşı, binanın yanındakı boş sahənin asfaltlanaraq gələcəkdə obyektin müştəriləri üçün avtodayanacaq kimi istifadə olunacağı ilə bağlı narahatlıqlar var.
Müraciətdə qeyd olunur ki, həmin ərazi əvvəllər uşaqların oynadığı və sakinlərin istifadə etdiyi açıq sahə olub. Ağacların kölgəsində uşaqlar vaxt keçirir, sakinlər isə gələcəkdə burada kiçik oyun və istirahət meydançasının yaradılacağını ümid edirdilər.
Sakinlərin sözlərinə görə, obyektin sahibi ilə aparılan söhbətlər zamanı onlara ərazinin rəsmi qaydada alındığı bildirilib. İddialara əsasən, "hara istəsəniz şikayət edə bilərsiniz" cavabı verilib.
Müraciət müəllifləri bildirirlər ki, binada 36 ailə yaşayır və onlardan azı 8 nəfər məsələ ilə bağlı rəsmi şikayət etməyə hazırdır. Onların sözlərinə görə, kollektiv müraciət də mövcuddur.
Sakinlər hesab edirlər ki, əgər həmin ərazi avtodayanacaq kimi istifadə olunarsa, avtomobillərin intensiv giriş-çıxışı uşaqların təhlükəsizliyi üçün risk yaradacaq, səs-küy artacaq və binanın həyətində uşaqların oynaya biləcəyi təhlükəsiz məkan qalmayacaq.
Onlar bildirirlər ki, məqsədləri kiməsə zərər vurmaq və ya obyektin sökülməsini tələb etmək deyil. Sakinlər istəyirlər ki, məsələ araşdırılsın, uşaqların və bina sakinlərinin maraqları nəzərə alınsın, avtodayanacaq isə yaşayış sahəsinə mane olmayacaq başqa ərazidə təşkil edilsin.
Qeyd: Xəbərdə yer alan məlumatlar sakinlərin iddialarına əsaslanır.
Sumqayit.tv məsələ ilə bağlı obyekt sahibinin və aidiyyəti dövlət qurumlarının mövqeyini dərc etməyə hazırdır. Rəsmi açıqlama daxil olduğu təqdirdə material yenilənəcək.

8-08-2026, 16:12
91